Daha bir QƏLƏBƏ: Erməni silahlıları QARABAĞdan çıxırlar

Daha bir QƏLƏBƏ: Erməni silahlıları QARABAĞdan çıxırlar

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz olaraq fəaliyyət göstərən erməni silahlı qüvvələrinin bölmələri Ermənistana qaytarılır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri Dağlıq Qarabağın Müdafiə Ordusunun köməyinə getmişdilər. Atəşkəs rejiminin bərqərar olmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağa yeridilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir”, – deyə Qriqoryan bildirib.

Qriqoryan belə bir qərarın Artsaxı müdafiəsiz qoyacağını düşünmür. Onun sözlərinə görə, əvvəllər Dağlıq Qarabağın təhlükəsizliyinin təmin edilməsi funksiyalarını yerli Müdafiə Ordusu yerinə yetirirdi. Və bu baxımdan heç nə dəyişməyib. Amma eyni zamanda, Rusiyanın sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi təhlükəsizliyin təminatı olmalıdır.

“…Rusiya sülhməramlı qüvvələrinin mövcudluğu özlüyündə Rusiya Federasiyası tərəfindən Dağlıq Qarabağ əhalisi üçün real ekzistensial təhlükənin mövcudluğunu etiraf etməsindən xəbər verir və sülhməramlı qüvvələr Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsində əsas əhəmiyyət daşıyır”, – deyə o əlavə edib.

Təhlükəsizlik Şurasının katibi izah edib ki, erməni ordusunun Qarabağdan çıxarılması prosesi başa çatmaq üzrədir və sentyabrda tam başa çatacaq. Yerli Müdafiə Ordusuna gəlincə, o, Qarabağda olub və orada qalmaqda davam edir. Qarabağdan çağırışçılar əvvəlki kimi hərbi xidmətə çağırılacaqlar. Qriqoryan onu da bildirib ki, Ermənistandan müqavilə ilə gələn hərbçilər Dağlıq Qarabağa çağırılmır. Zəruri hallarda Artsax müqaviləli hərbçilərin cəlb olunmasını yerindəcə təşkil edir.

Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyev erməni silahlılarının Qarabağdan çıxarılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi icra etməməsinə kəskin narazılığını bildirmiş və bunun mənfi nəticələri olacağını elan etmişdi.