Erməni prodüser Armen Qriqoryan İrəvanda keçirilən məhkəmə prosesi zamanı dünyasını dəyişib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, proses zamanı A.Qriqoryanın halı pisləşib və o, stuldan yıxılıb. Hadisə yerinə çağırılan həkim briqadası prodüserin ölümünü qeydə alıb.
Qriqoryanın nəşinin hələ məhkəmə zalında olduğu bildirilir. İlkin məlumata görə, Qriqoryan ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, Armen Qriqoryan cari il mayın 17-də saxlanılmış, səhəri gün isə həbs olunmuşdu. O, ölkə vətəndaşlarının milli ləyaqətini alçaltmaqda ittiham olunmuşdu – çıxışlarının birində Şirak və Ararat vilayətlərinin əhalisinin türklərdən törədiyini söyləmişdi.












