İşsizliyin cəzası, yoxsulluğun vergisi: “Avara” adı ilə BOĞULAN CƏMİYYƏT

İşsizliyin cəzası, yoxsulluğun vergisi: “Avara” adı ilə BOĞULAN CƏMİYYƏT

Bu ölkədə işləmək istəyən insan olmaq artıq az qala cinayətə çevrilib. Rəsmi işi yoxdur deyə, ailəsini dolandırmaq üçün qeyri-rəsmi bir sexdə, tikintidə, bazarda, anbarda çalışan insan “avara” adlandırılır və üstəlik cərimələnir.

Bəli, yanlış oxumadınız: işləyir, amma “avara” sayılır. Çünki kağız üzərində mövcud deyil. Çünki sistem onu görmür. Görmədiyi üçün də cəzalandırır.

Bu nə məntiqdir? Bu nə ədalətdir? Bu hansı vicdana, hansı hüquqa sığır?

İnsan səhər tezdən durur, axşama qədər alın təri tökür, ailəsini doyurur, uşağının çörəyini qazanır. Amma qanunların gözündə o, “avara”dır. Çünki ona rəsmi iş tapılmayıb. Çünki məşğulluq mexanizmləri işlək deyil. Çünki iqtisadi sistem minlərlə insanı qeyri-formal əmək bazarına itələyib. Sonra da həmin insanlara deyilir: “Sən işləmirsən. Cərimə!”

Bu artıq hüquqi problem yox, mənəvi iflasdır.

Əgər bu ölkədə hər kəs üçün normal maaşlı, sığortalı, stabil iş yerləri olsaydı, kim qeyri-rəsmi işləyərdi? Kim sabahını düşünmədən, sosial təminatsız, pensiyasız, sığortasız işləməyə razı olardı? İnsanlar bunu ləzzət üçün etmir. Məcburiyyətdən edir. Çarəsizlikdən edir.

Amma sistem çarəsizliyi görmür. Sistem yalnız cərimə qəbzini görür.

İnsanlara iş yaratmaq əvəzinə, onları cərimələməklə hansı problem həll olunur? Hansı sosial yara sağalır? Hansı iqtisadi inkişaf təmin edilir? Heç biri.

Əksinə, problem dərinləşir.

Onsuz da çətinliklə yaşayan adama bir də cərimə yüklənir. Kirayə, kommunal, ərzaq, dərman dərdi çəkən insanın cibindən son pulu da alınır. Bu, sosial siyasətdirmi? Yoxsa açıq-aşkar soyğunçuluqdur?

Amma bizdə bəzən sanki əksinədir: zəif olanı əzmək, gücsüzü sıxmaq, çıxış yolu olmayanı daha da küncə sıxışdırmaq.

İşsiz gənc “avara” sayılır. Rəsmi iş tapa bilməyən ailə başçısı “avara” sayılır. Günəmuzd işləyən fəhlə “avara” sayılır. Bəs bu ölkədə “zəhmətkeş” kimdir? Kimdir bu anlayışa layiq olan? Kabinetdə oturan, xalqın dərdindən xəbərsiz olanlar?

“Avaralıq” damğası bu gün artıq sosial etiketə çevrilib. Bu damğa ilə insanlar təhqir olunur, alçaldılır, sanki cəmiyyətin yükü kimi təqdim edilir. Halbuki həmin insanlar bu cəmiyyətin bel sütunudur. Tikən, daşıyan, yükləyən, təmizləyən, istehsal edən məhz onlardır.

Onlar olmasa, bu ölkə bir gün belə işləməz.

Amma onlara təşəkkür əvəzinə cərimə verilir.

Bu, ədalətsizlikdir. Açıq, birmənalı, utanmadan edilən ədalətsizlik.

Əgər doğrudan da məqsəd sosial problemləri həll etməkdirsə, yol cərimədən keçmir. Yol iş yerlərindən keçir. Yol təlim proqramlarından keçir. Yol kiçik biznesə dəstəkdən keçir. Yol real məşğulluq siyasətindən keçir.

Amma bunları etmək çətindir.

Cərimə yazmaq isə asandır.

Bir kağız, bir qələm, bir protokol – və məsələ bitdi.

Vətəndaşa düşmən kimi yox, tərəfdaş kimi baxılmalıdır. Onu sıxmaq yox, ayaqda saxlamaq üçün çalışılmalıdır. Çünki ayaqda qalan vətəndaş güclü dövlət deməkdir. Əzilən vətəndaş isə zəif gələcək deməkdir.

Bu gün “avara” adı ilə cərimələnən insan, sabah ümidsiz, küskün, sistemə inamsız bir vətəndaşa çevrilir. Sonra da hamı təəccüblənir: “Niyə cəmiyyət narazıdır?”

Cavab sadədir: çünki ədalət yoxdur.

İnsanları işlə təmin etmək əvəzinə, onların son ümidini də əlindən almaq nə qanuna sığır, nə də vicdana…

Əgər bu yanaşma dəyişməsə, “avara” damğası təkcə insanlara yox, bütöv sistemə yapışacaq.

Və o damğanı sabah heç kim silə bilməyəcək.

Əli Səfərli,
NOCOMMENT.az