“Nazir və onun müavinlərinin heç biri aqrar sahə mütəxəssisi deyilsə…” – Deputatın təklifinə REAKSİYA

“Nazir və onun müavinlərinin heç biri aqrar sahə mütəxəssisi deyilsə…” – Deputatın təklifinə REAKSİYA

Dünən Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev təklif edib ki, ABŞ-dən ölkəmizə kənd təsərrüfatı ekspertləri gətirilsin. Millət vəkili hesab edir ki, onlar bu sahədə kök salmış problemləri aradan qaldıracaqlar.

NOCOMMENT.az xəbər verir ki, deputatın fikirlərini şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, Qüdrət Həsənquliyevin təklifi müəyyən mənada başadüşüləndir:

“ABŞ kənd təsərrüfatı sahəsində böyük təcrübəyə, texnologiyaya və innovativ idarəetmə modellərinə malik ölkədir. Xarici ekspertlərin cəlb olunması yeni yanaşmaların öyrənilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin paylaşılması baxımından faydalı ola bilər. Lakin məsələni yalnız xaricdən mütəxəssis gətirməklə həll etmək mümkün deyil. Azərbaycanıın aqrar sahəsində uzun illər çalışmış, yerli şəraiti, torpaq-iqlim xüsusiyyətlərini, kənd təsərrüfatının struktur problemlərini yaxşı bilən kifayət qədər peşəkar kadrları var. Əsas problem çox vaxt bilik çatışmazlığından deyil, idarəetmə, düzgün planlaşdırma və məsuliyyət bölgüsündən qaynaqlanır. Yerli mütəxəssislərə səlahiyyət və imkan verilmədikcə, istənilən xarici ekspertin fəaliyyəti də məhdud effekt verə bilər”.

Müsahibimiz vurğuladı ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində aqrar sahə üzrə ixtisaslaşmış şəxslərin olmaması ilə bağlı səslənən tənqidlər də müəyyən suallar yaradır.

“Kənd təsərrüfatı kimi spesifik və strateji bir sahədə dövlət siyasətinin effektiv həyata keçirilməsi üçün sahəni dərindən bilən kadrların təmsil olunması vacibdir. Əks halda qərarların praktik reallıqla uyğunlaşmasında çətinliklər yarana bilər. Kənd təsərrüfatı naziri və onun müavinlərinin heç biri aqrar sahə mütəxəssisi deyilsə, onlar bu sahədə dövlət siyasətinin necə səmərəli həyata keçiriə bilər? Bunu da amerkalılardan soruşmalıyıqmı? Bu baxımdan, ən doğru yanaşma həm yerli mütəxəssislərin potensialından maksimum istifadə etmək, həm də ehtiyac olduqda xarici təcrübədən yararlanmaqdır. Problem nə qədər mürəkkəb olsa da, onun həlli ilk növbədə daxili resursların düzgün səfərbər edilməsindən keçir. Xarici ekspertlər əlavə dəstək rolunu oynaya bilər, lakin əsas məsuliyyət və təşəbbüs yenə də ölkənin öz mütəxəssislərinin üzərində olmalıdır”, – deyə ekspert vurğuladı.

Qeyd edək ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində “Ümumi İqtisadiyyat: Mühasibat uçotu və Audit” ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr (MBA) təhsili alıb. /redaktor.az