Qurbanovun milyonları – İllərdir bilinən gerçəklik nə üçün indi GÜNDƏMƏ GƏLDİ?

Qurbanovun milyonları – İllərdir bilinən gerçəklik nə üçün indi GÜNDƏMƏ GƏLDİ?

Son günlər səhiyyə sistemində baş verən hadisələr cəmiyyətin diqqətini yenidən Vüqar Qurbanov və onun rəhbərlik etdiyi TƏBİB ətrafında cəmləşdirib. Qurbanovun vəzifədən azad olunmasından sonra üzə çıxan faktlar illərdir mediada və ictimaiyyətdə səsləndirilən tənqidlərin nə qədər əsaslı olduğunu bir daha göstərir. Məlum olub ki, artıq keçmiş rəhbər şəxsi istifadəsində olan, bazar dəyəri təxminən 250–300 min manat arasında dəyişən “BMW X7” markalı avtomobil sürürmüş. Üstəlik, avtomobilin dövlət nömrə nişanı – 99-VJ-999 – də təsadüfi seçilməyib. Bu detal təkcə maddi imkanları deyil, həm də nümayişkaranə həyat tərzini açıq şəkildə ortaya qoyur.

Rəsmi məlumatlara əsasən, TƏBİB-in icraçı direktoru vəzifəsində çalışan şəxsin aylıq maaşı orta hesabla 4–6 min manat civarında olub. Müxtəlif mükafatlar və əlavələr nəzərə alınsa belə, illik gəlirin 70–80 min manatı keçməsi real görünmür. Sadə bir hesab aparsaq, ayda 5 min manat maaş alan bir məmur ildə 60 min manat qazanır. Heç bir xərci olmadan bütün gəlirini yığsa belə, 300 min manatlıq avtomobil almaq üçün ən azı 5 il lazımdır. Bu isə yalnız nəzəri baxımdan mümkündür. Reallıqda isə ailə, yaşayış, gündəlik tələbat və digər xərclər mövcuddur. Belə olan halda cəmiyyətdə haqlı sual yaranır: bu qədər bahalı avtomobil hansı vəsait hesabına alınıb?

Xatırladaq ki, 2025-ci ilin sentyabrında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən TƏBİB-də yoxlamalar aparılmışdı. Həmin yoxlamalardan sonra mediada ciddi maliyyə pozuntuları ilə bağlı məlumatlar yayılmışdı. İddialara görə, yoxlamalar nəticəsində milyonlarla manatlıq vəsaitin mənimsənilməsi faktları aşkarlanıb. Vüqar Qurbanovun vəzifədən azad edilməsinin də məhz bu yoxlamaların nəticəsi olması ehtimal edilir. Lakin indiyədək nə TƏBİB, nə də aidiyyəti qurumlar bu məsələ ilə bağlı ictimaiyyətə dolğun və aydın məlumat verib. Şəffaflıq əvəzinə susqunluq nümayiş etdirilir.

TƏBİB-in fəaliyyəti uzun illərdir tənqid olunur. Xəstəxanalarda rüşvət halları, tibbi xidmətə çıxışda problemlər, dərman və avadanlıqla bağlı şikayətlər, qeyri-şəffaf tenderlər, vətəndaşların narazılığı dəfələrlə gündəmə gətirilib. Media və ictimaiyyət bu problemləri illərdir qabardır, araşdırmalar aparır, xəbərdarlıqlar edir. Lakin real nəticələr gözə çarpmır. Maraqlıdır ki, nədənsə bütün bu faktlar yalnız rəhbər vəzifədən gedəndən sonra “gözə görünən” olur.

Ən ciddi suallardan biri də budur: əgər maliyyə pozuntuları, şübhəli gəlirlər və dəbdəbəli həyat tərzi var idisə, niyə bunlar vaxtında araşdırılmadı? Niyə Qurbanov vəzifədə olduğu müddətdə bu məsələlərə göz yumuldu? Niyə ictimai nəzarət mexanizmləri işləmədi? Niyə hesabatlılıq təmin olunmadı? Bu suallar cavabsız qaldıqca, dövlət qurumlarına olan inam da zəifləyir.

Məsələ təkcə bir avtomobil və ya bir məmurun həyat tərzi ilə bitmir. Bu, bütövlükdə sistem problemidir. Uzun illər nəzarətsiz qalan qurumlar, hesabat verməyən rəhbərlər, cəzasızlıq mühiti nəticədə belə halların yaranmasına şərait yaradır. Dövlət vəsaiti vətəndaşların vergiləri hesabına formalaşır və həmin vəsait xalqın sağlamlığına, rifahına xidmət etməlidir. Amma əvəzində, milyonlarla manatın hara getdiyi bəlli olmur, bəzi məmurlar isə yüz minlik avtomobillərlə gündəmə gəlir.

Vüqar Qurbanovun sürdüyü 300 min manatlıq avtomobil sadəcə bir detal deyil. Bu, dövlət idarəçiliyində şəffaflıq probleminin açıq simvoludur. Əgər bir məmurun rəsmi gəliri ilə həyat tərzi arasında bu qədər böyük fərq varsa, bu artıq şəxsi məsələ deyil, ictimai məsələdir. Cəmiyyətin haqqı var bilsin: bu vəsait haradan gəlib, kim məsuliyyət daşıyır, niyə vaxtında tədbir görülməyib? Bu suallara aydın cavab verilmədikcə, TƏBİB ətrafındakı qalmaqallar da, ictimai inamsızlıq da davam edəcək. Şəffaflıq, real nəzarət və hesabatlılıq olmadan heç bir islahatın uğurlu olması mümkün deyil.

Əli Səfərli,
NOCOMMENT.az