AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - FOTO

AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - FOTO

Ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi paytaxtdakı məşhur şadlıq saraylarından birində aparılan yoxlama zamanı ət məhsullarında at DNT-si aşkarlandığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, yoxlama Alp Deluxe şadlıq sarayında həyata keçirilib. Agentliyin yaydığı məlumat cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Şadlıq sarayının inzibatçısı Amil Quliyev isə iddialarla razılaşmadıqlarını bildirib. Onun sözlərinə görə, restoranda əsasən yerli quzu ətindən istifadə olunur və menyuda mal əti ilə hazırlanan bəzi yeməklər ümumiyyətlə təqdim edilmir. İnzibatçı həmçinin qeyd edib ki, mətbəx açıq şəkildə fəaliyyət göstərir və məhsullar müştərilərin gözü qarşısındadır.

O, AQTA əməkdaşlarının restorana gəlmədiyini və obyektə baxış keçirilmədən məlumat yayıldığını iddia edib.

Məsələ ilə bağlı AQTA-dan verilən açıqlamada isə bildirilib ki, yoxlama zamanı şadlıq sarayının nümayəndəsi ərazidə olub. Agentlik əlavə edib ki, müfəttişlərin yaxa kameraları ilə qeydə alınan görüntülər, o cümlədən at əti və nümunələrin götürülməsi ilə bağlı kadrlar yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.