Dünya Səhiyyə Təşkilatının (DST) həyəcan təbili çaldığı "MV Hondius" kruiz gəmisindəki Hantavirus epidemiyası Türkiyədə böyük rezonansa səbəb olub.
Argentinadan yola çıxan Hollandiya bayraqlı bu gəmidə 24 gün vaxt keçirən məşhur YouTuber Ruhi Çenet, karantinə girməzdən əvvəl İstanbulun Çatalca rayonunda bir kənd toyuna qatıldığı üçün sərt tənqidlərlə üzləşib.

"MV Hondius" gəmisində Hantavirus səbəbindən artıq üç nəfər həyatını itirib və mayın 6-na olan məlumata görə, gəmidə 8 qəti və şübhəli vaka qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Ruhi Çenet karantinə girdiyini elan etsə də, məhəllə muxtarı Nazan Kurtanın paylaşdığı fotolardan onun 5 gün əvvəl toyda iştirak etdiyi üzə çıxıb ki, bu da sosial media istifadəçilərinin cəmiyyət sağlamlığını təhlükəyə atmaq ittihamları ilə nəticələnib.

DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib ki, "Andes" tipli Hantavirusun inkubasiya dövrü 6 həftəyə qədər davam edə bilər, bu isə hazırda heç bir simptomu olmayan şəxslərin belə virusu daşıma və yayma riskini gündəmə gətirir.

Hazırda özünü evində izlədiyini deyən YouTuber, "New York Times"a verdiyi açıqlamada hər hansı bir halsızlıq və ya qızdırma hiss edəcəyi an təcili yardıma müraciət edəcəyini bildirərək, həmin gəmidən sağ çıxmağı "möcüzə" adlandırıb.

Qeyd edək ki, Ruhi Çenet bənzər bir qalmaqalla 2020-ci ildə, koronavirus pandemiyasının ilk günlərində Çindəki karantin bölgələrinə gedərək çəkiliş etdiyi zaman da gündəmə gəlmişdi və hazırda Türkiyə Səhiyyə Nazirliyi və müvafiq qurumlar vəziyyəti yaxından izləyir.
Sara,
NOCOMMENT.az












