İstanbul Respublika Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı genişmiqyaslı yeni əməliyyat keçirib. "Ağaç ve Peyzaj A.Ş." şirkəti üzərindən qurulan "qondarma tender sistemi" vasitəsilə dövlət satınalmalarına fəsad qarışdırmaqda ittiham olunan 30 nəfər haqqında saxlanılma qərarı verilib.
NOCOMMENT.az xəbər verir ki, həyata keçirilən əməliyyat nəticəsində 29 şübhəli şəxs artıq polis tərəfindən saxlanılıb. Saxlanılanlar arasında İBB-nin yüksək rütbəli rəsmiləri — Baş katibin müavini Oktay Özel və Park, Baxça və Yaşıllaşdırma dairəsinin rəisi Tuğba Ölmez Hancı da var. Şübhəlilərdən birinin xaricdə olduğu üçün hələlik tutulmadığı bildirilir.
İstanbul Respublika Baş Prokurorluğunun rəsmi açıqlamasında qeyd olunur ki, istintaq Ekrem İmamoğlunun rəhbərliyi ilə qurulduğu iddia edilən "cinayət təşkilatının" fəaliyyətləri çərçivəsində aparılır. İddialara görə, bələdiyyənin tabeliyində olan "Ağaç ve Peyzaj A.Ş." vasitəsilə qanunsuz tender mexanizmi qurulub və bu yolla büdcə vəsaitləri mənimsənilib.
Xatırladaq ki, bu əməliyyat İBB-yə qarşı davam edən və 414 müttəhimin mühakimə olunduğu irimiqyaslı korrupsiya davası fonunda baş tutub. Hazırda saxlanılan şəxslərin ifadələrinin alınması və istintaq tədbirləri davam etdirilir.
Sara,












