Karqo şirkəti xaricdən sifariş edilən məhsulu vətəndaşa təhvil vermir.
NOCOMMENT.az xəbər verir ki, bunu Tovuz sakini Gülçin İbrahimova üzləşdiyi problemlə bağlı müsahibəsində bildirib.
Vətəndaş iddia edir ki, bir neçə ay əvvəl “Starex” daşıyıcı şirkəti vasitəsilə onlayn alış-veriş platformalarının birindən məhsul sifariş edib, lakin məhsul gözlənilən vaxt ərzində ona çatmadığı üçün məhsulu aldığı şirkət tərəfindən ona hədiyyə edilib və ödənişi qaytarılıb. Vətəndaşın məhsulu göndərilsə də, daşıyıcı şirkət tərəfindən ona təhvil verilmir.
Şikayətçi bildirir ki, daşıyıcı şirkət tərəfindən onlara vəziyyətin ümumi problem olduğu bildirilib.
Məsələ ilə bağlı “Starex Global” daşıyıcı şirkətindən “Xəzər Xəbər”ə bildirildi ki, bağlamaların bir qismi gecikdiyi üçün alış-veriş edilən şirkət müştərilərə tam məbləğdə geri qaytarmalar edib. Bu halda bağlamalar müştəriyə çatdırılmaya və ya şirkətin tələbi ilə çatdırıla bilər. Hal- hazırda daşıyıcı şirkətlərin hamısı bu halla qarşı-qarşıyadır.
“Bu barədə hazırda beynəlxalq alış-veriş şirkətinin komandası ilə aktiv müzakirə aparırıq. Bizim də istəyimiz bağlamaların qısa zamanda müştərilərə çatdırmaqdır. Lakin bu, daşıyıcı şirkət olaraq, bizim səlahiyyətimizdə olan məsələ deyil”,- deyə şirkətdən bildirildi.
Elektron ticarət üzrə mütəxəssislər isə bildirirlər ki, sözügedən vəziyyətdə karqo şirkətinin vətəndaşa məxsus məhsulu təhvil verməməsi yolverilməzdir. Həmçinin o da qeyd edildi ki, vətəndaşın aldığı məhsulun ödənişi qaytarılıbsa, bu halda yalnız həmin şirkətin tələbi ilə məhsul vətəndaşa verilməyə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












